Приветствую Вас, Гость! Регистрация RSS

KlassStyle welcome!

Воскресенье, 19.05.2024
Главная » 2013 » Декабрь » 29 » Duanın faydası!
20:18
Duanın faydası!

İbadətlər Allaha yaxınlaşmaq məqsədilə həyata keçirilməlidir. Ən üstün ibadət olan dua da bu niyyətlə gerçəkləşməlidir. Misal üçün, Allahın xüsusi övliyaları ona tam təslim olduqları halda dua edirlər. Çünki bu, Allaha itaətdir. Buna görə də duaları qəbul olunsa da, olunmasa da razıdırlar. Hərçənd ki, onlar duada özləri üçün bir şey istəmirlər. Amma duanın özünün dua edən üçün bir sıra fayda və təsirləri var. Əlbəttə, təbii ki, duanın qaydalarına və şərtlərinə riayət olunarsa.
Aşağıda rəvayətlərə nəzərən duanın bəzi faydalarını diqqətinizə çatdırırıq:

Bilik qazanmaq;
Duanın şərtlərindən biri özünü və Allahı tanımaq üçün bilik əldə etməkdir. Yəni, insan xalis yoxsul olduğunu bilməlidir. Hər şeydə Allaha möhtac olduğunu, Allahın başqalarından ehtiyacsız olduğunu, başqalarının ehtiyaclarını təmin etdiyini bilməlidir. Bilməlidir ki, heç bir şey Allahın iradəsi olmadan baş vermir. Onun iradə etdiyi isə anında həyata keçir. "Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: "Ol!” deməkdir. O da dərhal olar" ("Yasin", 82). Bu biliklə insan bütün varlığı ilə, səmimi qəlbdən dua edəcəkdir. İmam Sadiq (ə) "(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm" ("Bəqərə", 186) ayəsini şərh edərkən buyurur: "Yəni, insanlar bilsinlər ki, Allah onların istədiyi hər şeyi verməyə qadirdir". O həzrətdən (ə) duanın qəbul olmaması səbəbi haqqında soruşduqda buyurdu: "Çünki siz tanımadığınız birini çağırırsınız".

Ruhi dinclik;
Bəzən insan gündəlik həyatında bir sıra problemlərlə qarşılaşır ki, onları aradan qaldırmağa, həll etməyə gücü çatmır. İnsanın öhdəsindən gələ bilməyəcəyi sıxıntılar olanda onda iztirab yaradır. Bu iztiraba uzun müddət tab gətirə bilmir. Bu iztirabı aradan qaldırmaq və yenidən təskinlik tapmaq, aramlığa qovuşmaq üçün ən yaxşı yol Allaha dua etmək, Onunla raz-niyaz və minacat etməkdir. Çünki dua insanın hər şeyə qadir olan Allahla əlaqə yaratması, ünsiyyətə girməsidir. Bu ünsiyyət insanı daha üstün, daha böyük bir qüdrətə ümidvar edir, ürəyini isindirir. Belə ki, o qüdrət məsləhət bildiyi an təzyiqləri, sıxıntılar, çətinlikləri aradan qaldırır.

Özünütərbiyə;
Allahla ünsiyyət yaratmaq, onunla raz-niyaz etmək o halda mümkündür ki, insanın əməlləri Allahın istəkləri əleyhinə olmasın. Quranda oxuyuruq: "İman gətirib yaxşı işlər görənlərin duasını qəbul edən, Öz nemətini onlara artıran da Odur. Kafirləri isə şiddətli bir əzab gözləyir!" ("Şura", 26) Demək, Allahla danışmaq, ondan hacətlərini diləmək, pak ürək və saleh əməl istəyir. Necə ki, həzrət Əli (ə) buyurur: "Təqvalı olun, əməliniz saleh, daxiliniz Allah üçün səmimiyyət dolu olsun ki, Allah dualarınızı qəbul etsin". Duanın qəbul olmasının şərti günahı tərk etmək olduğu üçün, həqiqətən Allaha ağız açan şəxs öz əməllərinə, davranışına diqqət etməlidir.

Eqoistliyi yenmək;
Duanın qəbul olunması üçün ən yaxşı yol budur ki, öncə başqaları üçün, sonra isə özün üçün dua edəsən. İmam Sadiq (ə) bu haqda buyurur: "Kim, özündən qabaq qırx mömin üçün dua edərsə, duası qəbul olar". Həmçinin İslam peyğəmbəri (s) buyurur: "Sizdən biri dua etdikdə onu ümumiləşdirsin. – Başqaları üçün də dua etsin. – Çünki bu, duanın qəbul olmasına səbəb olur". Başqaları üçün xeyir-bərəkət istəmək əslində öz daxilində eqoizmlə, xudpəsəndliklə mübarizədir.

Cəhənnəmdən qurtuluş;
Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamətdə bir dəstənin cəhənnəmə aparılması əmr olunar. Allah cəhənəmin sahibinə buyurar: "Oda de, ayaqlarını yandırmasın. Çünki onunla məscidə getmişlər. Üzlərini yandırmasın. Çünki üzlərinə dəstəmaz suyu dəymişdir. Əllərini yandırmasın, çünki dua zamanı yuxarı qalxmışdır".

Fəaliyyətə təşviq etmək;
İmam sadiq (ə) buyurur: "Dörd nəfərin duası qəbul olmaz. Onlardan biri evdə oturub, Allahdan ruzi istəyəndir". Həzrət Əli (ə) buyurur: "Əməlsiz dua edən kamansız ox atan kimidir. Onun duası heç zaman qəbul olmaz". Həqiqətən dua etmək istəyən adam duanın maksimum qəbulolma şərtlərinə riayət etməlidir. Onlardan biri dua edərək iş də görməkdir.

Alla dərgahında sevilmək;
Hər bir ibadət insanı Allah dərgahında sevdirir. Dua o ibadətlərdən biri, hətta ən fəzilətlisidir. Allah-Taala Quranda həzrət İbrahimi (ə) dua etdiyi üçün mədh edir: "Həqiqətən, İbrahim həlim xasiyyətli, (həmişə dua edərək) yalvarıb-yaxaran və özünü tamamilə (Allaha) təslim etmiş bir zat idi. (İbrahimin mələklərlə mübahisəsi onun bu yüksək keyfiyyətlərindən irəli gəlirdi)". İmam baqir (ə) bu ayəni izah edərkən buyurur: "O, çox dua edən insan idi".

Ruzinin çoxalması;
Məxluqata ruzi verən Allahdır. Amma dua ilə daha çox nemətlər, daha yaxşı nemətlər əldə etmək olar. İslam peyğəmbəri (s) buyurur: "Ruzi yağan yağışın damlaları qədər yer üzünə enir ki, hər kəs özünə yetəcək qədər pay alsın. Lakin Allah daha çoxunu əta edəndir. Elə isə Allahın lütfündən daha çox nemət istə".

Bəlanın dəf edilməsi;
İmam Səccad (ə) buyurur: "Dua və bəla qiyamətədək bir yerdədirlər. Dua bəlanın qarşısını alır. Hətta bəlanın gəlməsi kəsin olduqda belə dua onun qarşısını alır". Həzrət Əli (ə) buyurur: "Bəla dalğaları dua ilə dəf olunur".
Cəmiyyətə münasibətdə məsuliyyət hissini gücləndirmək;

İslam dini insanın fərdi və ictimai həyatının bütün sahələrini diqqətə almışdır. Bütün insanlar bir-birləri qarşısında və eləcə də cəmiyyət qarşısında məsuliyyət daşıyırlar. Dinimiz bu məsuliyyəti "pisliyə qadağa və yaxşılığa əmr" adı altından dinin vacib hökmlərindən biri kimi üzə çıxarmış və bu vəzifəni həyata keçirməyi duanın qəbulolma şərtlərindən biri hesab etmişdir. İmam Əli (ə) buyurur: "Yaxşılığa əmr və pisliyə qadağanı tərk etməyin. Olmasın ki, Allah ümmətin canilərini sizə hökmran etsin. Sonra siz nə qədər dua etsəniz də qəbul olmasın".
Dərdlərin şəfası;
İmam Sadiq (ə) buyurur: "Dua edin. Çünki dua dərdlərin şəfasıdır".
Allah yanında məqam kəsb etmək.
İmam Sadiq (ə) buyurur: "Allah yanında elə bir məqam var ki, ona ancaq dua edənlər nail olar". 

Просмотров: 395 | Добавил: sardar01 | Теги: Duanın faydası! | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: